Xəzərdə beynəlxalq TƏLİM

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə Bakıda Xəzəryanı dövlətlərin xilasedici xidmətlərinin beynəlxalq "Xəzər-2017” təlimi başlayıb.
 
Təlimin ilk günündə FHN-nin Akademiyasında masaüstü taktiki təlim keçirilib. İştirakçılar əvvəlcə Akademiyanın həyətində Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. 
 
Sonra fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev təlimin mövzusu haqda qonaqları məlumatlandırıb. O bildirib ki, 2 gün davam edəcək təlimdə Azərbaycan FHN, Rusiya, İran, Qazaxıstan və Türkmənistanın aidiyyəti dövlət qurumlarının canlı qüvvəsi və texnikası iştirak edir: "Bundan başqa, Azərbaycanın digər müvafiq güc orqanlarının şəxsi heyəti, xüsusi texnika və avadanlığı da təlimə cəlb olunub”.
 
Nazir müavini Xəzəryanı ölkələrin iştirakı ilə ikinci belə bir tədbirin Bakıda keçirildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Xəzəryanı ölkələrdə neft-qaz hasilatı və emalı obyektləri fəaliyyət göstərir ki, həmin obyektlərdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yanğın təhlükəsizliyi, su hövzələrində insanların təhlükəsizliyi baxımından təlim çox əhəmiyyətlidir. E. Mirzəyev qeyd edib ki, Azərbaycan FHN və ölkənin digər güc strukturları (Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi və s.) təlimlərə 1014 nəfər şəxsi heyət, 700 nəfər xilasedici, 190-dan çox müxtəlif texnika, təyyarə, vertolyot və gəmilərlə qatılıb.
 
Təlimin növbəti mərhələsi sabah Bakının Qaradağ rayonu ərazisində keçiriləcək./APA/

MediaFax

Xəbər haqda fikrini bildir