Xaricə göndərilən 3500 nəfərdən 200-ü ölkəyə qayıdıb - AÇIQLAMA

Dövlət proqramı ilə  xaricdə təhsil alan tələbələr dövlət qulluğunda işə müsabiqəsiz qəbul olunacaqlar.

Bəs görəsən bu nə qədər  doğrudur?
 
Məsələ ilə bağlı saytımıza danışan təhsil eksperti Kamran Əsədov deyib ki, həmin şəxslər birbaşa seçilməyiblər.
 
"Onlar Azərbaycan universitetlərində oxumuş şəxslərdir ki, qəbul olduqdan sonra xaricdə təhsil proqramına qoşulublar, yəni birbaşa birinci kursdan başlamayıblar.
 
Dövlətin özünün ehtiyacı olan kadrların hazırlanması üçün qoyduğu tələblər var. Təəssüf ki, ölkədə olan bəzi ali təhsil müəssisələri tərəfindən hazırlanan kadrlar əmək bazarının tələblərinə cavab vermir. Bu gün xaricdə təhsil proqramı üzrə xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alan tələbələrin bilik və bacarıqları Azərbaycanda təhsil alan tələbələrin bilik və bacarıqlarından fərqlənir.  Bu gün Azərbaycanın 51 ali təhsil müəssisəsində 160 minə yaxın tələbə təhsil alır. Onların yalnız 42 faizi universiteti bitirdikdən sonra işlə təmin olunur. Çünki, onlar əmək bazarının tələblərinə cavab vermir. Orta məktəbdə işləmək üçün 10000 min vakant yerə 51 min  nəfər  sənəd vermişdi. Amma onlardan cəmi 5000 nəfəri işə qəbul olundu. Təsəvvürün edin, öz universitetlərimizdən məzun olan 51000 nəfər içərisindən 10000 vakant yerinə 5000 nəfəri məqsədə uyğun oldu. Onların arasında 48 faizi minimum balı toplamayıb. Demək ki, bizim ali təhsil müəssisələrimizin hazırladığı kadrlar, kadrların bilik və bacarıqları, yerli tələblərə cavab vermir”.
 
Kamran Əsədovun sözlərinə görə,  Dövlət proqramı əsasında xaricə göndərilən 3500 nəfərdən 200-ü ölkəyə qayıdıb.

"2007-2015-ci illərdə xaricdə təhsil üzrə dövlət proqramı ilə cəmi 3500 nəfər xaricdə təhsil üçün göndərilib.  Onlardan cəmi 200 nəfəri geri qayıdıb. Geri qayıdanların 50 faizi özəl sektorda çalışırlar.  Onların sayı kütləvi deyil ki,  yerli əmək bazarına ciddi şəkildə təsir göstərsinlər. Dövlət özünə lazım olan, bilik və bacarıqlara  malik olan şəxsləri seçib göndərir ki, 4-5 ildən sonra bunlar qayıdıb gəlsin. Bu o demək deyil ki, yerli ali təhsil müəssisələrində bu hüquqdan məhrumdurlar. Həmin o məzunlar vaxtilə imtahandan keçmiş şəxslərdir, yəni onlar xaricdə təhsil üçün seçimi kor-koranə aparılmayıb. Onlar 5-6 mərhələli seçim turundan keçiblər, amma yerli universitetlərdən məzun olanlar dövlət qulluğuna qəbul zamanı yalnız 1 test mərhələsindən keçdikdən sonra müsahibə mərhələsinə vəsiqə qazanırlar. Amma dövlət hesabına xaricdə təhsil alanlar bu imtahan prosesindən keçdiyi, onların oxuduğu universitetlər dünyanın reytinq siyahısında öndə olduğu üçün onlar sadəcə müsahibə mərhələsindən azaddırlar. Yenə də deyirəm dövlət hesabına xaricdə təhsil almış tələbələrin ölkənin əmək bazarında ciddi təsirini düşünmək düzgün deyil.  Dövlət proqramı ilə xaricdə təhsil almış insanların Azərbaycanın əmək bazarında işlə təmin olunması Azərbaycan iqtisadiyyatının, təhsilinin, elminin inkişafına müsbət təsir edəcək”./modern.az/

MediaFax

Xəbər haqda fikrini bildir