Sakinlər şirkəti məhkəməyə verdilər

Nizami rayonunda "Pronto” MMC tərəfindən inşa edilən 850 mənzildən ibarət yaşayış binasının sakinləri illərdir həll olunmayan və yeni yaradılan problemləri ilə bağlı məhkəmədə iddia qaldırıblar.

Sakinlər 204 vətəndaşın imzaladığı iddia ərizəsini redaksiyaya təqdim ediblər.

Vətəndaşlar Nizami rayon məhkəməsində tikintini həyata keçirən "Pronto” MMC, "Mənzil İS” MMC və "İnci” Uşaq Bağçasına qarşı bir neçə tələblə iddia qaldırıblar.

Sakinlər həm də payçı olduqlarına əsaslanaraq qanunverciliyə uyğun tələblərini irəli sürüblər. Ərizədə qeyd olunub ki, yaşayış kompleksinin tərkibində fəaliyyət göstərən "İnci” uşaq bağçası sakinlərin istirahəti üçün nəzərdə tutulan ərazini zəbt edib. Həmin tikilinin qanunsuz olmasına görə sökülməsi istənilib: "Sakinlərin ümumi istifadəsində olan avtomobil dayanacağının girişi şirkət rəsmiləri tərəfindən bağlanılıb, zorla həmin dayanacağın alınması təklif edilir. Qanuna görə, dayanacaq sakinlərin istifadəsi üçün nəzərdə tutulub və özəlləşdirilə bilməz.

Dörd ildən artıqdır ki, sakinlərdən mənzilin hər kvadratmetrinə görə 62 qəpikdən hesablanmaqla yığılan pullar "Mənsil İS” MMC-yə ödənilib. Hər sakindən təxminən aylıq 50-80 manat yığılmaqla, bu günə kimi təxminən 1,6 milyon manat mənimsənilib. Adıçəkilən şirkətlərin buna səlahiyyəti olmayıb, çünki həmin cəmiyyətlər ilə sakinlər arasında kommunal xidmətin göstərilməsi barədə hər hansı bir müqavilə yoxdur. Buna görə də qeyd olunan məbləğ sakinlərə qaytarılmalıdır.

Müqavilədə qeyd olunsa da, bu günə kimi həyatyanı sahə abadlaşdırılmayıb, sakinlərin istirahət hüququ təmin edilməyib. Bundan başqa, "Pronto” MMC və Nizami rayon Telefon Qovşağı sakinlərin sərbəst internet provayderləri və teleradio yayım şirkətlərinin xidmətlərindən istifadə etmək hüquqlarını qanunsuz olaraq məhdudlaşdırır. Sakinlərə yalnız və yalnız "Connect” internet və televiziya yayımı şirkəti xidmət edir, digər şirkətlərin xidmət göstərməsinə icazə verilmir.

Xahiş edirik, "Pronto” MMC-nin qanunsuz qadağalarının aradan qaldırılması barədə qətnamə çıxarasınız”.

Bundan başqa, sakinlər "AzəriQaz”a müraciət edərək binaya qazın verilməsi və hər bir sakinlə fərdi müqavilə bağlanmasını xahiş ediblər. Həmçinin, şirkət tərəfindən verilən elektrik enerjisinin limitsiz olaraq 11 qəpikdən hesablandığını bildirərək "Azərİşıq” ASC-dən Smart Tipli sayğaclar quraşdırılmasını istəyiblər. Avtomobil dayanacağına görə sakinlər hər ay yığılan təxminən 14 min manat gəlirdən vergi ödənilmədiyi üçün Vergilər Nazirliyinə müraciət edərək şirkətin müvafiq əməkdaşlarının məsuliyyətə cəlb olunmasını tələb ediblər.

İddia üzrə məhkəmə prosesi artıq başlayıb. Hazırlıq iclası Nizami Rayon Məhkəməsinin hakimi Məzahir Sadıqovun sədrliyi ilə keçirilib. Müdafiə tərəfinin vəsatəti təmin edilərək mübahisə predmeti olan dayancağın özkəninləşdirilməsi qadağan edilib. İş məhkəmə baxışa verilib./qafqazinfo.az/

MediaFax

Xəbər haqda fikrini bildir