MM gözlənilən qanunu qəbul etdi

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında Mülki Prosessual, İnzibati Prosessual məcəllələrə və "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.
 
Hər üç sənədə eyni dəyişikliyi nəzərdə tutan layihə məhkəmələrdə qanuni nümayəndəlik institutunun fəaliyyətinin məhdudlaşdırılması ilə bağlıdır.
 
Layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, məqsəd məhkəmələrin işinin səmərələşdirilməsidir.
 
O qeyd edib ki, Avropa praktikası nümunə kimi götürülərək, fiziki şəxslərin nümayəndə kimi iştirakının (qanuni nümayəndələrin) ləğvi təklif olunub: "Amma bəzi təkliflər nəzərə alınaraq, keçid müddəalar layihəyə salındı”.
 
Dəyişiklərdən sonra yeni layihədə fiziki şəxsin yaxın qohumuna məhkəmələrdə qanuni nümayəndə kimi iştiraka icazə verilir.
 
Bununla bağlı Mülki Prosessual Məcəlləyə əvvəlki dəyişiklikdə əlavə kimi təklif olunan 69.1-1 maddəsinə əlavələr edilir.
 
Digər yenilik isə ondan ibarətdir ki, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanunun 1.4 və 1.6 maddələri məhkəmələrdə baxılmaqda olan işlər üzrə nümayəndə qismində iştirak edən şəxslərə həmin işlər müvafiq instansiya məhkəmələrində mahiyyəti üzrə həll edilənədək şamil olunmur.
 
Dəyişikliklər qəbul olunacağı təqdirdə 2017-ci il dekabrın 1-dən qüvvəyə minəcək.
 
Qeyd edək ki, dəyişiklik layihəsi parlamentin oktyabrın 20-də keçirilən plenar iclasının gündəliyindən çıxarılmış, spiker Oqtay Əsədov buna səbəb olaraq layihələrin müzakirəyə hazır olmadığını bildirmişdi. İclasdan bir neçə gün sonra isə məsələnin müzakirəsinin MM-in yaz sessiyasına qədər təxirə salındığı açıqlanmışdı.
 
Xatıraldaq ki, Ali Məhkəmənin sədri tərəfindən oktyabrın 6-da Mülki Prosessual və İnzibati Xətalar məcəllələrinə, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişikliklər barədə qanun layihələri təqdim edilib. Dəyişikliklərdə mülki və inzibati məhkəmə proseslərində nümayəndələrin iştirakına qadağa qoyulması, bu prosesdə yalnız Vəkillər Kollegiyanın üzvlərinin iştirakı təklif olunur.
Müzakirələr zamanı deputat Zahid Oruc layihənin əleyhinə çıxıb.
 
O bunu ölkədə vəkil çatışmazlığı, hazırda fəaliyyət göstərən qanuni nümayəndələrin narazı salınması və digər məsələlərlə əlaqələndirib.
 
Deputat Fazil Mustafa da dəyişikliklərin əleyhinə olduğunu bildirib. O bu sahədə doğru alternativin hələ hazır olmadığını, dəyişikliklərin heç olmasa 6 aya qədər təxirə salınmasını təklif edib. Deputat bunun hüquqşünaslar arasında ciddi narazılıq yaradacağını, məsələnin beynəlxalq təşkilatlar tərəfindən də tənqidlə qarşılanacağını bildirib.
 
Deputat Elşən Musayev də layihəyə etiraz edib. O da bunu vəkillərin sayının azlığı və hüquqşünaslar arasında narazılıq yaranacağı ilə əsaslandırıb: "Vəkillər Kollegiyasına qəbul prosesi ləng gedir, əvvəlcə bunu sürətləndirmək lazımdır”.
 
Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov isə bildirib ki, qanun layihəsini qəbul etmək lazımdır: "Layihəni qəbul edək və işlənməsinə baxaq. Ehtiyac yaranacaqsa, digər sənədlərə də dəyişiklik edərik. Amma indidən birmənalı şəkildə bunun düzgün olmadığını iddia etmək doğru fikir deyil.
 
Fazil Mustafaya demək istəyirəm ki, biz ona görə qanun qəbul etmirik ki, xaricdə hansısa dairənin xoşuna gələk. Ola bilsin, elə qanunlar var ki, bizim lehimizədir, amma o xaricilər bunu istəmir. Nümayəndələrə gəldikdə, vəkillik institutu zəruridir. Bəli, biz çalışmalıyıq ki, bu institut daha da güclənsin.
 
Testlə qəbulu vəkillər üçün intensivləşdirməliyik. Beş ildən bir yox, lap iki aydan bir vəkillərin qəbul imtahanını keçirək. Bunları edəndən sonra nümayəndəyə ehtiyac qalmayacaq. Axı məhkəmədə hüquqi prosesi həyata keçirmək nümayəndənin yox, vəkilin işidir. Yəni, çıxış yolu bu layihəni qəbul etməmək deyil, başqa yollar var”.
 
Vitse-spiker Valeh Ələsgərov da nümayəndəlik institunun fəaliyyətinin bərbad olduğunu deyib, bu sahədəki problemin yalnız bu yolla həllinin mümkünlüyünü vurğulayıb.
 
Deputat Musa Quliyev də bildirib ki, buna etiarz edən deputatlara arqumentli cavab verilməlidir: "Bununla belə, mən dəyişikliklərin lehinəyəm”.
 
Deputat Çingiz Qənizadə isə layihəyə etiraz edib. O qeyd edib ki, əgər burada şəxsin yaxın qohumları fərqləndirilib nəzərə alınırsa, o zaman məhkəmədə hansı keyfiyyətdən söhbət gedir: "Vəkillik institutunda böyük problem var. Gəlin əvvəlcə vəkillik institutunda islahatlar aparaq, Vəkillər kollegiyasının qapısını açaq. Bu sahə çox geridədir. Bəli, nümayəndəlik institutunda da problem var. Hətta nümayəndələr arasında keçmiş məhbuslara, dələduzlara da rast gəlinir. Buna diqqət edilməlidir. Amma məsələnin həlli bu deyil”.
 
İclasda iştirak edən Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Şəlalə Məmmədova bildirib ki, bütün mübahisəli məqamlarla bağlı müzakirələr aparılıb: "Biz yalnız məhkəmə prosesində nümayəndələrin iştirakına qarşıyıq. Burada fikirlər səsləndi ki, işsizlər ordusu yaranacaq. Amma nümayəndələr onsuz da, bu sistemin işçiləri deyildi. Biz nümayəndəlik institutunun fəaliyyətini məhdudlaşdırırıq. Bir misal deyim. Boşanmalar olur. Hakim nümayəndəyə sual verəndə ki, onlar niyə boşanır, suala cavab verə bilmir. Nümayəndələr tərəflərdən biri məhkəməyə getməyəndə orada ola bilər. Tərəflərin ikisi də məhkəmədədirsə, hakimin suallarını cavablandırırsa, o zaman nümayəndənin orada vəkil kimi iştirakı lazımsızdır”.
 
İclasa sədrlik edən I vitse-spiker Ziyafət Əsgərov layihələrin qəbulunun lehinə olduğunu deyib: "Mən hesab edirəm ki, bunu qəbul etsək, vəkillik institutu daha da işlək olacaq, buna zərurət yaranacaq”.
 
Layihə səsə qoyularaq qəbul olunub./APA/

MediaFax

Xəbər haqda fikrini bildir