İlham Əliyev Salyana getdi - YENİLƏNİB

12:01 
 
Sentyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Neftçala rayonuna səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Neftçala şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət etdi.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə Prezident İlham Əliyevə məlumat verdi.
 
X X X
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Neftçala Sənaye Məhəlləsinin açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, iqtisadiyyat naziri Şahin Mustafayev görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verdi.

Bildirildi ki, sənaye məhəlləsində yüksək standartlara cavab verən 7 istehsal sahəsi, ikimərtəbəli inzibati bina, texniki və köməkçi binalar tikilib. Hazırda Neftçala Sənaye Məhəlləsində 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir. Sənaye Məhəlləsinin iştirakçıları tərəfindən istehsal sahələrinin yaradılmasına 45,3 milyon manat investisiya yatırılıb. Bununla belə, iş adamlarının sənaye məhəlləsinə cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir və tələbata uyğun olaraq məhəllənin ərazisi genişləndiriləcək. Sənaye Məhəlləsində ümumilikdə 474 daimi iş yeri yaradılıb.

Prezident İlham Əliyev Sənaye Məhəlləsinin rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlətimizin başçısı Neftçala Sənaye Məhəlləsində istehsal korpusları və burada fəaliyyət göstərən müəssisələrlə yaxından tanış oldu.

Bildirildi ki, məhəllədəki ən böyük müəssisələrdən biri "Azərmaş” ASC – "İran Khodro” birgə avtomobil zavodudur. Azərbaycan-İran birgə müəssisəsinin illik istehsal gücü 10 min avtomobildir. Müəssisədə "İran Khodro” şirkəti 25 faizlik paya malikdir. Müasir texnologiyalar, avadanlıq və mexanizmlər əsasında qurulacaq zavodda "Runna”, "Samand”, "Soren”, "Dena”, "Peugeot-206”, "Peugeot-207”, "Renault-Tondar”, "Renault-Pickup” kimi avtomobil modelləri istehsal ediləcək. Qeyd edək ki, artıq bu model avtomobillərdən yerli bazarda 4 min ədəd satılıb. İldə 2 min avtomobilin ixracı planlaşdırılır. Ümumi investisiya dəyəri 24 milyon manat olan müəssisəyə verilən İnvestisiya Təşviqi Sənədi hesabına təqribən 2 milyon manata qənaət edilib. Müəssisədə 300 nəfər işlə təmin ediləcək. Neftçala Sənaye Məhəlləsində avtomobil istehsalı zavodunun qurulması köməkçi istehsal və xidmət sahələrinin inkişafı üçün də əlverişli imkan yaradır. Zavodun 2017-ci ilin dekabrında istifadəyə verilməsi planlaşdırılır.

Prezident İlham Əliyev Neftçala balıq yemi istehsalı müəssisəsinin fəaliyyəti ilə də tanış oldu.

İllik istehsal gücü 25 min ton olan müəssisədə balıq yemi ilə yanaşı, gələcəkdə mal-qara üçün və digər növ yemlərin istehsalı da nəzərdə tutulur. Müəssisənin yaradılmasına 12 milyon manat investisiya yönəldilib.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına müəssisəyə 5,9 milyon manat məbləğində güzəştli kredit ayrılıb. Bundan başqa, müəssisəyə İnvestisiya Təşviqi Sənədi verilib ki, bu, sahibkara 1,2 milyon manat vəsaitə qənaət etmək imkanı yaradır. Müəssisədə 26 nəfər işlə təmin ediləcək.

Dövlətimizin başçısı müəssisəni işə saldı.

İyirmi ildir fəaliyyət göstərən "Metak” MMC də Neftçala Sənaye Məhəlləsində öz müəssisəsini yaradıb. Müəssisədə plastik məmulatlar, o cümlədən kənd təsərrüfatı təyinatlı taralar istehsal ediləcək. İllik istehsal gücü 2 milyon tara olan müəssisəyə 1,35 milyon manat investisiya qoyulub. Müəssisəyə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 600 min manat güzəştli kredit verilib. "Metak” MMC-yə, həmçinin İnvestisiya Təşviqi Sənədi də təqdim edilib ki, bu, müəssisənin təqribən 35 min manata qənaət etməsinə imkan verir. Müəssisənin məhsulları daxili bazarda, xüsusilə kənd təsərrüfatında qablaşdırmaya olan tələbatın ödənilməsində əhəmiyyətli rol oynayacaq. Qeyd edək ki, ümumiyyətlə "Metak” şirkətinin bütün məhsulları Azərbaycanda istehsal olunur.

Dövlətimizin başçısı müəssisəni işə saldı.

Prezident İlham Əliyev Sənaye Məhəlləsinin digər bir müəssisəsi - "Gilan PİVOT” MMC-nin fəaliyyəti ilə də tanış oldu. Müəssisədə müasir texnologiyalar əsasında dairəvi suvarma sistemləri istehsal ediləcək. Ümumi investisiya dəyəri 1 milyon manat olan müəssisənin illik istehsal gücü 60-80 suvarma sistemidir. Müəssisədə 15 nəfərin işlə təmin olunması planlaşdırılır. Müəssisə 2017-ci ilin noyabrında fəaliyyətə başlayacaq.

Dövlətimizin başçısı Neftçala Sənaye Məhəlləsində kiçik sahibkarlar üçün yaradılan emalatxana ilə də tanış oldu. Bu emalatxanada müxtəlif məmulatlar hazırlanacaq. Burada kiçik sahibkarlar üçün hər cür şərait yaradılıb və 10 nəfər daimi işlə təmin olunacaq.

Qeyd edək ki, sənaye məhəllələrinin yaradılması həm də kiçik və orta sahibkarlığa dəstəkdir. Belə sənaye məhəllələri həm də regionlarda sənaye sahələrinin mərkəzləşməsini, daha səmərəli fəaliyyət göstərmələrini, yeni müəssisələrin yaradılmasını və müəssisələrarası istehsal kooperasiyasını təşviq edir.

Prezident İlham Əliyev "Toğrul-2008” MMC-nin müəssisəsində də oldu. Bildirildi ki, müəssisədə polietilen suvarma boruları istehsal edilir. 100 min manat investisiya hesabına yaradılan müəssisənin illik istehsal gücü 360 tondur. Hazır məhsul ətraf rayonlarda fermerlərin bu sahədə ehtiyaclarının ödənilməsinə yönəldilir.

"Providence Limited” MMC də Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərəcək. Modul tipli məktəb binalarının quraşdırılması ilə məşğul olan müəssisəyə 80 min manat investisiya yönəldilib. Hazırda müəssisədə 15 nəfər çalışır. Qeyd edək ki, modul tipli məktəblərin yaradılmasının üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, burada sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin digər üstünlüyü budur ki, qəzalı vəziyyətdə olan təhsil müəssisələrində təmir-tikinti işləri aparılarkən tədris prosesi dayandırılmır və bu məqsədlə müvəqqəti olaraq səyyar məktəb quraşdırılır. Qeyd edək ki, ilin sonunadək 44 rayon əhatə olunmaqla, 100 azkomplektli və qəzalı vəziyyətdəki kənd məktəbinin modul tipli məktəblərlə əvəz edilməsi nəzərdə tutulur. Modul tipli məktəblər Balakən, Sabirabad, Şəki, Quba, Qusar, Neftçala, Kürdəmir, Ağdaş, İsmayıllı, Tovuz, Göygöl, Tərtər ,Göyçay, Qəbələ, Oğuz və digər rayonlarda inşa olunub.

Neftçala Sənaye Məhəlləsinin daha bir iştirakçısı "Azproduct” MMC-dir. Müasir texnologiyaların tətbiq edildiyi müəssisə balıq emalı və konservləşdirilməsi sahəsində fəaliyyət göstərəcək. İstehsal sahəsində ildə 7 milyon şərti banka konserv və 500 ton soyudulmuş təzə balıq istehsalı nəzərdə tutulur. 2017-ci ilin oktyabrında istifadəyə veriləcək müəssisəyə 1,7 milyon manat investisiya qoyulub. Əlavə dövlət dəstəyi olaraq müəssisəyə İnvestisiya Təşviqi Sənədi təqdim edilib. Bu, müəssisənin təqribən 290 min manata qənaət etməsinə imkan verib. İstehsal sahəsində 40 nəfər işlə təmin ediləcək.

Artıq "Azproduct” MMC ilə "Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC arasında balıq konservlərinin satışına dair 2,2 milyon manat dəyərində müqavilə də imzalanıb.

Dövlətimizin başçısı "Sun Rise Production” MMC-nin Sənaye Məhəlləsində yaratdığı müəssisə ilə də tanış oldu. Müəssisədə kağız stəkanlar və hazır içkilər istehsal olunacaq. İstehsal sahəsinin yaradılmasına 619 min manat investisiya yönəldilib. Bundan başqa, müəssisəyə İnvestisiya Təşviqi Sənədi verilib ki, bu, təqribən 84 min manata qənaət etməyə imkan yaradır.

Prezident İlham Əliyev Sənaye Məhəlləsinin inzibati binasında da oldu. Bina toplantı və təlimlərin keçirilməsi üçün iclas otağından, müasir ofis sahələrindən, sərgi-satış mərkəzi, tibb məntəqəsi, poçt, yeməkxana və sənaye məhəlləsinin idarəedici təşkilatının istifadəsi üçün nəzərdə tutulan sahələrdən ibarətdir. Burada sahibkarlara ümumi mühasibatlıq, hüquqi məsləhətlər, sığorta, poçt, texniki kitabxana, "Startup”lar üçün ofis, yeməkxana və tibbi xidmətlər göstərilir. Sahibkarların fəaliyyətinə dəstək üçün Neftçala Sənaye Məhəlləsinin bütün ərazisi pulsuz internetlə təmin olunub.

Bir sözlə, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişaf etdirilməsi, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, məşğulluğun və məşğulluqda sənayenin xüsusi çəkisinin artırılması baxımından sənaye məhəllələrinin yaradılması böyük əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev Neftçala Sənaye Məhəlləsi ilə tanışlıqdan sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Sonda xatirə şəkli çəkdirildi.
 
X X X
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də 110/35/6 kV-luq "Neftçala” yarımstansiyasının açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, "Azərişıq” ASC-nin sədri Baba Rzayev görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verdi. "Neftçala” yarımstansiyasında 40 MVA gücündə iki transformator quraşdırılıb, açıq və qapalı paylayıcı qurğular inşa edilib, bu qurğularda müasir standartlara cavab verən elektrik avadanlıqları, elektron tipli avtomat rele mühafizə sistemi yaradılıb. Yarımstansiyada növbətçi işçi heyət üçün müvafiq olaraq mühafizə, texniki xidmət və idarəetmə otaqları inşa edilib, lazımi şərait yaradılıb. Yarımstansiyanın ərazisində geniş abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Bildirildi ki, şəhərin və rayonun su təsərrüfatını elektrik enerjisi ilə təmin edən 35 kV-luq yarımstansiyanın məhz "Neftçala” yarımstansiyasından qidalandırılması nəzərdə tutulub. Bundan əlavə, Neftçalada yeni yaradılan Sənaye Məhəlləsi bu yarımstansiyadan qidalanacaq ki, onun tələbatı 5 MVA təşkil edir. Həmçinin "Neftçala” yarımstansiyasından rayonun böyük bir hissəsi, xüsusən də dövlət əhəmiyyətli obyektlər, çoxlu sayda sənaye, təhsil, tibb və məişət təyinatlı obyektlər və əhali abonentləri elektrik enerjisi ilə təmin olunur.

Prezident İlham Əliyev yarımstansiyanı işə saldı.

Bildirildi ki, 2015-2017-ci illər ərzində Neftçala rayonu ərazisində 35/6 kV-luq yeni "Şəhər” yarımstansiyası tikilib. Eyni zamanda, 35 kV-luq "Xoşçobanlı” yarımstansiyasına əlavə transformatorlar quraşdırılıb. Bundan başqa, 35 kV-luq "Bankə”, "Xıllı” və "Xoşçobanlı” yarımstansiyalarında da ciddi təmir işləri aparılıb. Eyni zamanda, 300-ə yaxın 10/6 kV-luq transformator məntəqəsi də təmir edilib. "Azərişıq” ASC yaradıldıqdan sonra ümumilikdə Neftçala rayonunda 43 kilometr 110 kV-luq, 7 kilometr 35 kV-luq, 45,5 kilometr 10/6 kV-luq izolyasiyalı naqillər xətti çəkilib. Ümumilikdə 5 kənddə və şəhər mərkəzində 0,4 kV-luq şəbəkələrdə tam kabelləşmə işləri aparılıb və bir neçə kənddə bu işlər hazırda da davam edir. Həmçinin Neftçala Elektrik Şəbəkəsinin yeni inzibati binası inşa edilib. Yeni binada əməkdaşların operativ fəaliyyəti üçün hər cür şərait yaradılıb. Burada abonentlərə xidmətin keyfiyyətinin artırılması, enerji satışı, qəza xidməti, müştəri xidmətləri üçün xüsusi otaqlar yaradılıb. Neftçala yarımstansiyasının ərazisində əsaslı abadlıq və yaşıllaşdırma işləri aparılıb, yüksək keyfiyyətli asfalt salınıb.

Ən son texnologiyalara əsaslanan bu cür layihələrin reallaşdırılması bölgələrin sosial-iqtisadi inkişafında mühüm rol oynayır.

Sonda xatirə şəkli çəkdirildi.
 
=======
12:17
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Neftçala Mərkəzi Rayon Xəstəxanasında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.

Son illərdə ölkəmizdə səhiyyə sahəsinin daha da təkmilləşdirilməsi, müasir tibb ocaqlarının inşası və mövcudlarının əsaslı bərpası geniş vüsət alıb. Neftçala Mərkəzi Rayon Xəstəxanasının binasının yenidən qurulması da bu prosesin ardıcıl xarakter aldığını təcəssüm etdirir. Bu səhiyyə ocağının yenidənqurmadan sonra istifadəyə verilməsi rayon sakinlərinin keyfiyyətli səhiyyə xidmətindən istifadəsinə kömək edəcək.

AZƏRTAC xəbər verir ki, səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına Mərkəzi Rayon Xəstəxanasında aparılan yenidənqurma işləri barədə məlumat verdi.

Bildirildi ki, xəstəxananın binası 1989-cu ildə inşa olunub. Ümumi ərazisi 5 hektar olan Mərkəzi Rayon Xəstəxanasının yenidənqurma işlərinə 2013-cü ildə başlanılıb və 2017-ci ildə başa çatdırılıb.

Xəstəxanadakı 11 şöbədə müxtəlif xəstəliklərin müayinəsi və müalicəsi mümkün olacaq. Cərrahiyə, travmatologiya, terapiya, doğum, qadın məsləhətxanası, pediatriya, intensiv terapiya, infeksion xəstəliklər, anesteziologiya, reanimatologiya, hemodializ, şüa-diaqnostika, fizioterapiya, qəbul şöbələri, poliklinika, təcili tibbi yardım stansiyası tibbin ən son nailiyyətləri olan avadanlıq və cihazlarla təmin edilib.

Xəstəxananın bütün infrastrukturu tamamilə yenilənib. Burada 620 tibb işçisi çalışacaq. Onların 82-si həkim, 249-u orta tibb işçisidir.

Azərbaycan Prezidenti tərəfindən müəyyən edilən uzunmüddətli inkişaf strategiyasının mühüm istiqamətlərindən biri kimi səhiyyənin inkişafını, əhalinin dünya standartlarına uyğun tibbi yardımdan bəhrələnməsini təmin etmək üçün genişmiqyaslı islahatlar həyata keçirilir. Bu sahəyə hər il böyük həcmdə investisiyalar yatırılmaqdadır. Bütün bunlar həm də onu göstərir ki, son illərdə səhiyyə sahəsində yaşanan genişmiqyaslı dəyişiklik bu sektorun dünyanın müasir tibbi texnika və avadanlıqları ilə təmin olunmasıdır. Müasir Azərbaycanı modern texnologiyaların tətbiq olunduğu məkana çevirmək məqsədini qarşıya qoyan Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə yenidən qurulan səhiyyə müəssisələri regionda ilk dəfə açıq ürək əməliyyatı, qaraciyərin köçürülməsi və digər bu kimi mühüm nailiyyətlərə imza atıb. Ötən illər ərzində regionlarda yüzlərlə tibb ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafından xəbər verir. Yeni tikilən tibb ocaqları, ölkəyə gətirilən müasir tibbi avadanlıqlar, ilk növbədə, bir məqsədə - Azərbaycan əhalisinin sağlam olması kimi mühüm missiyanın yerinə yetirilməsinə xidmət edir.

Xəstəxanada yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev əhaliyə tibbi xidmətin yüksək səviyyədə təşkili ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

Prezident İlham Əliyev Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin Neftçala Mərkəzi Rayon Xəstəxanasındakı Mobil Diaqnostika Kompleksi ilə də tanış oldu.
 
========
12:52
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Kür çayından Neftçala magistral kanalı vasitəsilə Neftçala rayonunun əkin sahələrinə suvarma suyunun verilməsi mərasimində iştirak edib.

Salyan və Neftçala rayonlarının əkin sahələrini suvarma suyu ilə təmin etmək üçün 1949-cu ildə başlanğıcını Kür çayından götürən Akuşa kanalı torpaq məcrada inşa olunub. Hazırda Akuşa kanalının xidmət zonasında Salyan rayonunun 18 min 600 hektar, Neftçala rayonunun 14 min 100 hektar suvarılan torpaq sahəsi mövcuddur. Kür çayından saniyədə 21 kubmetr su Akuşa kanalına 2 üzən və 1 stasionar nasos stansiyaları ilə verilir. Lakin Neftçala rayonunun qərb hissəsində yerləşən Xolqarabucaq, Dördlər, Mürsəlli, Xolqaraqaşlı, Xəzər və Qırmızıkənd, eləcə də Aşağı Surra kəndlərinin 13 min 400 hektar əkin sahələrinə qədər 47,5 kilometr uzanan Akuşa kanalı uzun müddət istismar olunduğundan məcrası genişlənib, nəticədə su itkisi kəskin artıb və faydalı iş əmsalı xeyli aşağı düşüb. Yay aylarında Akuşa kanalı əsasən Salyan rayonunun ərazisində yerləşən əkin sahələrini suvarma suyu ilə təmin etmək gücündə olduğu üçün kanalın sonunda olan Neftçala rayonunun əkin sahələrinə suvarma suyunun verilməsində ciddi çətinliklər yaranır. Ona görə də bu ərazilərdə kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı çox aşağı olur. Neftçalanın əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə 1988-ci ildə Kür çayı üzərində nasos stansiyasının və Neftçala magistral kanalının tikintisinin layihə sənədləri hazırlanıb. Layihənin həyata keçirilməsi ilə mövcud Akuşa kanalının son hissəsində yerləşən bu torpaqların Kür çayından nasos stansiyaları vasitəsilə su veriləcək Neftçala magistral kanalından suvarma suyu ilə təmin edilməsi, eyni zamanda, Salyan rayonunda Akuşa kanalı ilə suvarma suyu verilən mövcud əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına imkan yaranacaqdı. Lakin keçmiş SSRİ-nin süqutu ilə əlaqədar tikinti işlərinə başlanılması mümkün olmayıb. Hazırda isə dünyada ərzaq təhlükəsizliyinin təmin edilməsində su ehtiyatlarından səmərəli istifadə olunması önəmli rol oynayır. Ölkəmizdə də bu sahədə mövcud problemləri həll etmək və qarşıda duran strateji məqsədə çatmaq üçün elmi əsaslara söykənən təhlil aparılaraq mühüm tədbirlər həyata keçirilir. Neftçala magistral kanalının nasos stansiyası ilə birlikdə tikintisi də belə layihələrdəndir. Bu da göstərir ki, ölkədə kənd təsərrüfatı istehsalının artırılmasında, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında böyük rolu olan mövcud meliorasiya və su təsərrüfatı fondlarının qorunub saxlanılması və onların istismarının yaxşılaşdırılması, bu sahənin müasir tələblər səviyyəsində daha da inkişaf etdirilməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir.

AZƏRTAC xəbər verir ki, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə Prezident İlham Əliyevə görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, 2004-2008-ci illər üzrə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına daxil edilən "Neftçala rayonu üzrə pambıqçılığın və taxılçılığın inkişaf etdirilməsi” tədbirinin icrasını təmin etmək məqsədilə "Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən "Neftçala magistral kanalının nasos stansiyası ilə birlikdə tikintisi” layihəsinin icrasına 2006-cı ildə başlanılıb. İşçi layihədə rayonun 13 min 400 hektar əkin sahəsinin su təminatını yaxşılaşdırmaq üçün Kür çayı üzərində saniyədə 14,4 kubmetr suyun verilməsi üçün 6 və 2 aqreqatlı 2 üzən nasos stansiyası, uzunluğu 7020 metr və diametri 1220 millimetr olan dördxətli təzyiqli metal boru kəməri, təzyiqli hovuz və uzunluğu 24 min 900 kilometr olan dəmir-beton üzlüklü kanalın qurğularla birlikdə tikintisi nəzərdə tutulub. Neftçala rayonunda iri kənd təsərrüfatı müəssisələrinin və aqroparkların yaradılması ilə əlaqədar 5805 hektar azməhsuldar qış otlaq, eləcə də 1000 hektar dəmyə torpaq sahələrinə suvarma suyunun çatdırılması layihəyə daxil edilib. Bu halda layihə zonasına daxil olan torpaq sahəsi 20 min 205 hektar təşkil edir. Ayrılan vəsait hesabına Kür çayında 6 aqreqatlı üzən nasos stansiyası, onun elektrik təchizatı məqsədilə 29,1 kilometr uzunluğunda 35 kV-luq elektrik hava xətti, hərəsi 6300 KVA gücündə olmaqla 2 transformator yarımstansiyası quraşdırılıb. Nasos stansiyaları quraşdırılan ərazidə Kür çayının sahilinin mühafizəsi məqsədilə uzunluğu 204 metr olan ikicərgəli yığma dəmir-beton və monolit dəmir-beton konstruksiyalı svaylarla bərkidilmə işləri yerinə yetirilib. Eyni zamanda, Kür çayından suyun Neftçala kanalına verilməsi üçün nəzərdə tutulmuş dördxətli metal boru kəmərinin ümumi uzunluğu 3550 metr olan iki xəttinin, onların Salyan-Neftçala dəmir yolu və Baş Mil-Muğan Kollektoru ilə kəsişmələrindəki qurğularının və sonundakı təzyiqli hovuzun, Neftçala magistral kanalının 13 min 490 metrlik hissəsinin dəmir-beton üzlükdə tikintisi tamamlanıb. Görülən işlər nəticəsində cari ildə rayonun ümumilikdə 7772 hektar, o cümlədən yığcam yerləşən 5805 hektar qış otlaq sahəsi və 1000 hektar dövlət, bələdiyyə və xüsusi mülkiyyətə məxsus yeni suvarılacaq torpaq sahəsi su mənbəyi ilə təmin edilib, eləcə də 967 hektar mövcud əkin sahələrinin su təminatı yaxşılaşdırılıb ki, bu da həmin ərazilərdə pambıqçılığın, taxılçılığın və digər kənd təsərrüfatı məhsullarının inkişafına geniş imkanlar yaradıb. Növbəti mərhələdə layihəyə uyğun Kür çayında iki aqreqatlı üzən ikinci nasos stansiyasının və təzyiqli boru kəmərinin qalan iki xəttinin, 11400 poqonmetr uzunluğunda Neftçala magistral kanalının dəmir-beton üzlükdə tikintisinin və digər işlərin başa çatdırılması ilə Neftçala rayonunun daha 12433 hektar əkin sahələrinin su təchizatının yaxşılaşdırılması təmin ediləcək.

Prezident İlham Əliyev əkin sahələrinə suvarma suyunun verilməsini bildirən düyməni basdı.

Sonda xatirə şəkli çəkdirildi.
 
======
13:10
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Neftçala rayonu ərazisində fermer Əlihüseyn Hacıyevin pambıq sahəsi ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı pambıqçılarla söhbət etdi.

Sonda xatirə şəkli çəkdirildi.
 
=======
13:22
 
Sentyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Salyan rayonuna səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Salyan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov son illərdə rayonda görülən işlər, həyata keçirilən layihələr barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, Salyanın sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb, çoxlu sosial infrastruktur obyektləri tikilib, kənd təsərrüfatı sahəsində istehsal müəssisələri yaradılıb.
 
=======
13:37
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Salyan rayonuna səfəri çərçivəsində 110/35/10 kV-luq "Qaraqaşlı” yarımstansiyasının açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə elektroenergetika sahəsində mühüm işlər görülüb. "Qaraqaşlı” yarımstansiyasının tikilməsi Salyan rayonunda 31 min abonentin elektrik təchizatının yaxşılaşdırılmasına, eləcə də bölgədə mövcud olan güc qıtlığının aradan qaldırılmasına səbəb olub. İstehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi üçün yeni yarımstansiyanın tikilməsi ilə yanaşı, istismar müddətini başa vurmuş elektrik şəbəkələrinin yenidən qurulması, həmçinin yüksək və aşağı gərginlikli yeni hava xətlərinin çəkilməsi həyata keçirilib. Yarımstansiyanın qidalandırılması məqsədilə 110 kV-luq "Birinci Neftçala” hava xəttinin giriş-çıxış və 110 kV-luq dairəvi elektrik təchizat sxeminin yaradılması üçün 110 və 220 kV-luq qovşaq yarımstansiyaları əlaqələndirilib. Salyan rayonunun su təsərrüfatı üçün tələb olunan 11,5 MVA gücündə 35 kV-luq iki yarımstansiya da məhz bu yarımstansiyadan qidalandırılacaq. Odur ki, "İşıqlı Azərbaycan” layihəsinə uyğun olaraq tikilən "Qaraqaşlı” yarımstansiyası rayonun elektrik enerjisi təchizatında xüsusi önəm daşıyır.

"Azərişıq” ASC-nin sədri Baba Rzayev dövlətimizin başçısına yeni yarımstansiya barədə məlumat verdi. Bildirildi ki, yeni yarımstansiya Salyan rayonunun böyük hissəsini, xüsusən də dövlət əhəmiyyətli obyektləri - Heydər Əliyev Mərkəzi, Heydər Əliyev Parkı, Salyan Rayon İcra Hakimiyyəti, Mərkəzi Xəstəxana, çoxlu sayda sənaye, təhsil, tibb və məişət təyinatlı obyektləri elektrik enerjisi ilə təmin edir. Bundan əlavə, qeyri-neft sektorunun - kənd təsərrüfatı, sahibkarlıq, sənaye sahələri və digər infrastruktur layihələri üzrə inşa ediləcək obyektlərin elektrik enerjisi ilə təminatı bu yarımstansiyadan həyata keçiriləcək. İşin operativ və səmərəli aparılması üçün yeni yarımstansiya müasir standartlara cavab verən elektron tipli rele mühafizə və avtomat sistemlər, eleqaz və vakuum tipli avadanlıqla təchiz edilib və məsafədən idarə olunan SCADA dispetçer sisteminə qoşulub.

Dövlətimizin başçısı yarımstansiyanı işə saldı.

Qeyd edək ki, Salyan rayonunda "Kərimbəyli” və "Xurşud” yarımstansiyaları da tikilərək yenidən qurulub. Bu yarımstansiyalar, ümumilikdə, 30 mindən artıq istehlakçının elektrik enerjisi ilə təchizatını tam təmin edir. Bundan başqa, 35 kV-luq beş yarımstansiyada müxtəlif gücdə olan transformatorlar yeniləri ilə əvəz edilib. Həmçinin 110, 35 və 10/6 kV-luq transformator məntəqələrində təmir işləri aparılıb, köhnə tipli transformator məntəqələri yeni tipli komplekt transformator məntəqələri ilə əvəzlənib. Yeni 35 kV-luq hava elektrik verilişi xəttinin tikilib istifadəyə verilməsi nəticəsində Salyan və Sabirabad rayonları arasında dairəvi elektrik təchizatı sxemi yaradılıb. Hazırda 3500-ə yaxın abonenti olan Xıdırlı, Kürsəngi və Qaraçala kəndlərində kabelləşmə işləri aparılır, SMART tipli elektron sayğaclar quraşdırılır.

Sonda xatirə şəkli çəkdirildi.
 
======
14:09
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də 1200 şagird yerlik Salyan şəhər 2 saylı tam orta məktəbin yeni binasının açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı məktəbin binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Təhsildəki nailiyyətlər hər bir ölkədə, o cümlədən Azərbaycanda inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək istəyir. Bundan başqa, zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca məqsəd seçib. Bununla da neft gəlirləri Azərbaycanda həm də təhsilin və elmin inkişafına yönəlib. Birləşmiş Millətlər Təşkilatı da XXI əsri "Təhsil əsri” elan edib. Odur ki, yüksək intellektə malik insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin yaradan güclü iqtisadiyyatın qurulmasında təhsilin rolu indiki qədər heç vaxt aktual olmayıb.

Təhsilin inkişafına xüsusi önəm verən Azərbaycan da əhalisinin savadlılığı baxımından dünyanın bir çox inkişaf etmiş ölkələri ilə müqayisə olunur. Dövlətin təhsillə bağlı strategiyasının həyata keçirilməsində ölkənin ən böyük qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondunun fəaliyyəti xüsusilə diqqət çəkir. Təhsil sahəsində Fondun ən böyük və irimiqyaslı işi olan "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi uğurla davam etdirilir. Onu da deyək ki, 2003-cü ildən indiyə qədər ölkədə 3000-dən çox məktəb tikilib, Azərbaycanda heç vaxt olmayan qədər geniş bazaya malik təhsil infrastrukturu yaradılıb. Bununla da ölkədə təhsilə qayğı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi işi ümummilli səviyyəyə qaldırılıb.

Dövlətimizin başçısına Salyan şəhər 2 saylı tam orta məktəbdə yaradılan şəraitlə bağlı məlumat verildi.

Bildirildi ki, 1954-cü ildən ümumtəhsil məktəbi kimi fəaliyyət göstərən Salyan şəhər 2 saylı tam orta məktəb 1937-ci ildə tikilmiş ikimərtəbəli uyğunlaşdırılmış binada yerləşirdi. 2003-cü ilədək məktəb binası 26 sinif otağından ibarət idi və tədris iki növbədə aparılırdı. 2003-cü ildə əlavə 14 sinif otağı tikildi və həmin ildən etibarən tədris birnövbəli sistemə keçdi.

2016-2017-ci tədris ilində məktəbin 556 şagirdi müvəqqəti olaraq 3 saylı tam orta məktəbin binasında yerləşdirilmişdi. Dövlətimizin başçısının ötən il imzaladığı Sərəncamla məktəb üçün yeni bina tikildi və bu, bir çox problemləri aradan qaldırdı. İlk növbədə, digər təhsil ocaqlarında yerləşdirilən şagirdlər öz doğma məktəblərinə qayıtdılar. İndi onlar müasir, zəruri avadanlıqla təchiz olunmuş məktəbdə təhsillərini davam etdirirlər.

Üç mərtəbədən ibarət yeni məktəb binasında 48 sinif otağı, 6 laboratoriya, əmək təlimi otaqları, tibb məntəqəsi, kitabxana, 380 yerlik akt zalı, idman və atıcılıq zalları fəaliyyət göstərir.

Burada yaradılan şərait bir daha təsdiqləyir ki, son illərdə təhsil sahəsində qazanılan uğurların təməlində Azərbaycanın yeni təhsil modeli dayanır. Artıq ölkədə yeni təhsil konsepsiyası formalaşıb və həyata keçirilməyə başlanıb. Azərbaycanda yüzlərlə məktəbin tikilməsi, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi nəhəng təhsil infrastrukturunun formalaşmasına geniş imkanlar açıb.

Prezident İlham Əliyev məktəbin sinif otaqlarında, laboratoriyalarında, idman və atıcılıq zallarında yaradılan şəraitlə tanış oldu. Atıcılıq otağında şagirdlər pnevmatik silahdan hədəfə atəş açmaq məharətlərini nümayiş etdirdilər.

Dövlətimizin başçısı məktəbin müəllim və şagird kollektivinə uğurlar arzuladı.
 
X X X
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Salyana səfəri çərçivəsində Bayraq Muzeyinin açılışında iştirak edib.

Ötən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin atributu olmuş üçrəngli, ay-ulduzlu bayrağın yenidən Azərbaycanın müstəqillik rəmzinə çevrilməsi ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri sayəsində mümkün oldu. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra milli bayrağımız ilk dəfə Ulu Öndər tərəfindən Naxçıvanda qaldırıldı. İndi bu bayraq dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarında, mötəbər mərasimlərdə qürurla dalğalanır və hər bir azərbaycanlı dövlət bayrağını özünün qürur mənbəyi hesab edir. Bu mühüm amili şərtləndirən əsas səbəblərdən biri də Prezident İlham Əliyevin dövlət atributlarımıza xüsusi ehtiramla yanaşmasıdır. Fərəhli haldır ki, paytaxtdan sonra əksər bölgələrimizdə də üçrəngli bayrağımızın şərəfinə muzeylər yaradılır, xüsusi layihələr həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlətimizin başçısına burada görülən işlərlə bağlı məlumat verildi. Bildirildi ki, Bayraq Muzeyinin yerləşdiyi ərazidə Bayraq Meydanı yaradılıb, burada dövlət bayrağı ucaldılıb, ərazidə geniş abadlaşdırma işləri görülüb. Bayraq Muzeyinin inşası bu il ərzində həyata keçirilib. Rayonun daxili imkanları hesabına reallaşdırılan layihə çərçivəsində ümumi sahəsi 410 kvadratmetr olan bina tikilib. Zəruri infrastrukturla təchiz olunan muzeydə çoxlu sayda eksponatın sərgilənməsi üçün hər cür şərait yaradılıb. Bayraq Muzeyində tariximizin müxtəlif dövrlərinə aid eksponatlar, qədim Azərbaycan dövlətlərinin bayraqları, xəritələr, konstitusiyalar, orden və medallar, bir sözlə, müxtəlif dövlət rəmzləri qorunur. Burada müstəqillik dövrümüzün tarixi hadisələrinə geniş yer verilib. Bütün bunlar həm Salyan gənclərində, həm də rayona gələn qonaqlarda şanlı tariximiz haqqında təsəvvür yaratmağa geniş imkanlar açır.
 
=======
14:38
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Salyan rayonunun Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun açılışında iştirak edib.

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq son illərdə ölkəmizdə yol infrastrukturunun müasirləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ildən-ilə artır. Hazırda respublikanın yol-nəqliyyat infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları ilə yanaşı, dövlət büdcəsinin vəsaiti hesabına da irimiqyaslı layihələr uğurla icra olunur. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib. Bu tədbirlər, ilk növbədə, vətəndaşların həyat şəraitinin yaxşılaşdırılmasına yönələn layihələrin davamlı olmasını nümayiş etdirir. Belə layihələr sırasında Salyan rayonunun Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun tikintisi xüsusi əhəmiyyəti ilə seçilir.

AZƏRTAC xəbər verir ki, "Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verdi.

Bildirildi ki, ümumi uzunluğu 30 kilometrdən çox olan yolun 17,4 kilometri Prezident İlham Əliyevin 2014-cü və 2015-ci illərdə imzaladığı sərəncamlara əsasən ayrılan vəsait hesabına yerli icra hakimiyyəti tərəfindən yenidən qurulub. Yolun qalan 12,8 kilometrinin yenidən qurulması isə dövlətimizin başçısının ötən il imzaladığı Sərəncamla "Azəravtoyol” ASC-yə həvalə edilib.

Torpaq və çınqıl örtüklü olduğundan vətəndaşların gediş-gəlişinə maneələr yaradan avtomobil yolu iki hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, kipləşdirilmə işləri görülüb, yola asfalt-beton örtüyü döşənib. Yenidənqurma işləri çərçivəsində zəruri olan yerlərdə suötürücü boruların tikintisi işləri aparılıb. Avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhə quraşdırılıb, yola nişanlama xətləri çəkilib.

Qeyd edək ki, Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun tikintisi 5 mindən çox əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirərək yük və sərnişin daşımasını xeyli yaxşılaşdıracaq, kənd təsərrüfatı məhsullarının rahat şəkildə daşınmasına imkan yaranacaq.

Dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.
 
========
14:53
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Salyan rayonunun Xıdırlı kəndində dəniz suyunun duzsuzlaşdırılması kompleksinin fəaliyyəti ilə tanış olub.

Son illər ölkəmizdə su ehtiyatlarından istifadənin yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Bu tədbirlər sırasında Salyan rayonunun Xıdırlı kəndində dəniz suyunu içməli su səviyyəsinə qədər təmizləməyə imkan verən kompleksin yaradılması mühüm əhəmiyyət daşıyır.

AZƏRTAC xəbər verir ki, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov kompleks barədə dövlətimizin başçısına məlumat verdi.

Xəzər dənizinin suyunun duzsuzlaşdırılması kompleksi 2013-cü ildə istifadəyə verilib. 2016-cı ildə kompleksdə əlavə tikinti işləri aparılmadan ikinci xətt quraşdırılıb. Hər xəttin istehsal gücü 1000 kubmetrə bərabərdir. Yəni, gün ərzində dənizdən qəbul edilən 2500 kubmetrə yaxın duzlu su müəssisəyə daxil olur və həmin sudan 2000 kubmetr içməyə yararlı su istehsal edilir. Aparılan tikinti və yenidənqurma işləri nəticəsində dənizdən suyun götürülməsi üçün uzunluğu 200 metr olan damba inşa edilib. Müəssisədə əks osmos membranları ilə təchiz olunmuş yüksək texnoloji avadanlıq və elektron idarəetmə sistemi qurulub. Həcmi 500 və 200 kubmetr olan xüsusi örtüklə izolyasiya edilmiş üç metal su çəni quraşdırılıb, tutumu 500 və 2500 kubmetr olan yeraltı su anbarları inşa edilib.

Bildirildi ki, müəssisədə istehsal olunan su içməli su göstəricilərinə tam uyğundur. Hazırda istehsal olunan suyun böyük əksəriyyəti, təqribən 90 faizi ətraf ərazilərdə salınan 700 hektara yaxın yaşıllıqların suvarılmasında, qalan hissəsi isə məişətdə istifadə edilir. Bu pilot layihə yalnız dəniz suyunun duzsuzlaşdırılması ilə kifayətlənməyib, eyni zamanda, Şirvan kollektorunun suyunun duzdan təmizlənməsini həyata keçirir. Bu çərçivədə kollektorda 2013-cü ildə birinci, ötən il isə gün ərzində 2500 kubmetr suyu duzsuzlaşdıran ikinci xətt istismara verilib. Ümumiyyətlə isə Şirvan kollektoru üzərində quraşdırılan qurğular gündə 5 min kubmetr suyu içməli su həddinə kimi duzsuzlaşdırır. Sutka ərzində duzsuzlaşdırılan 7 min kubmetr su 1750 hektar ərazidə yaşıllıqların suvarılmasına kifayət edir.

Onu da deyək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyəti kompleksin ərazisində qapalı şəraitdə tinglər yetişdirir. Buradakı 1 milyon 600 minə yaxın tingin suvarılmasında duzsuzlaşdırılmış sudan istifadə olunur. Dövlətimizin başçısının meşə massivlərinin yaradılması ilə bağlı tapşırıq və tövsiyələrinin icrasına mühüm töhfə olan bu layihə çərçivəsində əsasən zeytun, tut, badam, innab, nar, həmçinin müxtəlif həmişəyaşıl ağac növlərinin yetişdirilməsi həyata keçirilir. Hazırda tinglik sahələrində 350 min ədəd zeytun, 110 min nar, 1 milyondan çox tut, 100 minə yaxın badam və başqa ting növləri yetişdirilir. Bu tinglər təhkim olunmuş ərazilərdə yeni aqrobağların və yaşıllıqların salınmasında istifadə edilir. Ehtiyac olduğu təqdirdə onlardan müəyyən edilmiş qaydalar çərçivəsində aidiyyəti üzrə istifadəçilərə əvəzsiz verilə bilər.

Prezident İlham Əliyev ting sahələrinə baxdı.

Kompleksin fəaliyyəti ilə tanış olan dövlətimizin başçısı müvafiq tapşırıq və tövsiyələrini verdi.
 
MediaFax

Xəbər haqda fikrini bildir