Hakimin qardaşı məhkəmə qarşısında

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Mahir Kərimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
 
Prosesə hakim Azad Məcidov sədrlik edib.

Prosesdə hakim əsas şahidlərdən birinin istintaqa cəlb olunmadığını bildirib. Məlum olub ki, zərərçəkmişlərin bir qismi istintaq zamanı pulu Ramil Şükürova verdikləri barədə ifadə versələr də, müstəntiq onları dindirməyib. Hakim R.Şükürovun əlavə şahid qismində məhkəməyə çağırılıb dindiriləcəyini bildirib.

Məlum olub ki, adıçəkilən şəxs də bir müddət əvvəl dələduzluqda ittiham olunaraq Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə edilib və şərti olaraq azadlığa buraxılıb. Həmçinin, zərərçəkmiş Fəridə Həsənovanın məhkəməyə ərizə təqdim edərək, şikayətçi olmadığını deyib.

Daha sonra şahidlərin məhkəməyə gəlmədiyi elan olunub və məhkəmə prosesi təxirə salınıb. Məhkəmənin növbəti prosesi noyabrın 15-nə təyin edilib.

Qeyd edək ki, M.Kərimov "Fateh-N" MMC-nin icraçı direktoru vəzifəsində çalışarkən, bir mənzili bir neçə nəfərə satıb. O, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə itiham olunur. Onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Xatırladaq ki, M.Kərimov Ali Məhkəmənin hakimi Fərhad Kərimovun qardaşıdır. "Fateh-N" MMC-nin təsisçisi isə Ələsgər Ömərov olub. O, bir müddət əvvəl dünyasını dəyişdiyi üçün barəsindəki cinayət işinə xitam verilib. Ə.Ömərov İTV telekanalının sabiq rəhbəri İsmayıl Ömərovun qardaşıdır./virtualaz.org/

MediaFax

Xəbər haqda fikrini bildir