Azərbaycanda 6 ballıq zəlzələ neçə evə ziyan vurdu? - Rəsmi açıqlama

Ötən gün Tərtərdə baş verən zəlzələdən 9 ev zərər çəkib. Bu barədə AzNews.az-a Tərtər rayin Fövqəladə Hallar Komissiyasının sədri Ramiz Cavanov məlumat verib. Komissiya sədri bildirib ki, zəlzələ nəticəsində uçqun qeydə alınmayıb:

"Cəmi 9 evə ziyan dəyib. Xəsarət alan yoxdur. Bir tövlədə dirək ev sahibinin üstünə düşüb, onun da xəsarəti yüngüldür və hazırda evindədir. Rayonun İsmayılbəyli kəndində 2, Evoğlu kəndində isə cəmi 1 evdə çatlar var. Digər zərər çəkən evlər isə rayon mərkəzindədir. Hazırda komissiya yerlərdə işləyir, evlərə baxış keçirilir. Çatlarla bağlı müraciətlər dəqiqləşdirildikdən sonra Fövqəladə Hallar Nazirliyinə məlumat veriləcək".

Qeyd edək ki, noyabrın 15-də yerli vaxtla saat 23:48-də Ağdam ərazisində 6 bal gücündə zəlzələ qeydə alınıb. Bunu "Report"a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı deyib. Zəlzələnin təsiri qonşu rayonlarda da hiss olunub. Xəsarət alanlar olmasa da, ayrı-ayrı yaşayış məntəqələrində evlərə ziyan dəydiyi bildirilir.
 
X X X
 
Ötən gün Ağdam rayonunda baş verən zəlzələ nəticəsində 127 ev xəsarət alıb. Bu barədə "Qafqazinfo”ya Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib. 

İcra başçısı deyib ki, qəzalı vəziyyətdə olan bir ev tamamilə uçub:

"İlkin əldə etdiyimiz məlumata görə, 127 evdə çat əmələ gəlib. Hansı ki, o  evlərin əksəriyyətində çatlar var idi. Sadəcə olaraq həmin çatlar zəlzələ nəticəsində genişlənib. Bundan başqa, orta məktəbdə çat yaranıb. 

Həmçinin, qəzalı vəziyyətdə olan ev uçub. Həmin evdə yaşayış olmayıb. Yəni, ev sahibləri qəzalı vəziyyətdə olan hissədə olmayıblar. Faciəyə çevrilən, insanlara xəsarət edilən hadisə baş verməyib”. 


MediaFax

Xəbər haqda fikrini bildir