Azərbaycan məhsulları Türkiyədə bahalaşır - AÇIQLAMA

"Rəsmi Ankaranın bir sıra Qərb ölkələri, xüsusən də ABŞ və Almaniya ilə münasibətlərinin pisləşməsi Türk lirəsinin dəyərsizləşməsi prosesini sürətləndirib”.

Bunu saytımıza açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov bildirib. Onun fikrincə, son 1 ildə dollara nisbətən 22 faiz ucuzlaşan lirə yalnız oktyabr ayında 7 faizə yaxın dəyər itirib:

"İndi 1 dollar almaq üçün təxminən 3.8 lirə ödəmək lazımdır. Türkiyə Azərbaycan üçün yalnız stratreji deyil, həmçinin iqtisadi tərəfdaş olduğundan lirənin məzənnəsi bizim üçün də, dolayı ilə olsa belə, vacibdir. Bu ilin 9 ayında 1.07 milyard dollarlıq qeyri-neft ixracatımızın 223 milyon dolları Türkiyənin payına düşür. Türkiyə qeyri-neft ixracatımızda 336 milyon dollar paya malik olan Rusiyadan sonra ikincidir. Azərbaycanla Türkiyə arasında illik ticarət dövriyyəsi isə 2 milyard 315 milyon dollardır. Bu ümumi ticarət dövriyyəmizin 13 faizindən çoxu deməkdir”.

Ekspert qeyd edir ki, bu rəqəmlər Türkiyənin Azərbaycan üçün vacib tərəfdaşlardan biri olduğunu göstərir: "Bu baxımdan, lirənin ucuzlaşması bizim üçün də arzuolunan deyil. Ucuzlaşan lirə Azərbaycanın Türkiyəyə qeyri-neft ixracatına mənfi təsir göstərə bilər. Çünki Azərbaycan məhsulları Türkiyə bazarında lirə ifadəsində bahalaşır ki, bu da qeyri-neft məhsullarımızın qardaş ölkədə rəqabət imkanlarını məhdudlaşdıra bilər. Digər tərəfdən, lirənin ucuzlaşması Türkiyədən idxalı stimullaşdırır ki, bu da ticarət dövriyyəmizdəki saldo üçün əlverişli deyil”./aznews.az/

MediaFax

Xəbər haqda fikrini bildir