9 ayda 17 ana ölümü...

Bir neçə gün əvvəl Qobustan Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində doğuş zamanı ana dünyasını dəyişib.
 
İki oğul anası olan 1988-ci il təvəllüdlü Günəşova Zümrüd Nəzir qızının üçüncü hamiləliyi ona həyatı bahasına başa gəlib. Ölümə səbəbin qanaxma olduğu ehtimal olunur. Onun yenicə dünyaya gələn qızı isə sağ qalıb.

Ümumilikdə bu ilin 9 ayında Azərbaycanda 17 ana ölümü qeydə alınıb. Bunu Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova mətbuata açıqlamasında deyib. Ancaq onun sözlərinə görə, ötən illə müqayisədə ana ölümlərinin sayında artım müşahidə olunmayıb.

Təəssüflə qeyd etməliyik ki, bir sıra rayon və kəndlərdə ana olmağa hazırlaşan qadınların müayinəsi və dünyaya sağlam övlad gətirməsinə yardımçı olacaq ginekoloqlar olduqca azdır. Rayonda yaşayan və ana olmağa hazırlaşan bir qadının isə tez-tez paytaxta müayinəyə gəlib getməsi çətin olur. Bəzən ana olmağa hazırlaşan qadınlar özlərinə qarşı səhlənkar yanaşır, vaxtı-vaxtında həkimə getmirlər. Təbii ki, bunun bir səbəbi də iqtisadi durumla bağlıdır. Çünki həkim müayinələri heç də ucuz başa gəlmir. Bəzi qadınlar düşünür ki, keçmişdə nənələrimiz həkim müayinəsindən keçmədən necə sağlam uşaq dünyaya gətirirdilərsə, biz də eynisini edə bilərik. Ancaq unutmaq olmaz ki, hazırkı qadınların orqanizmi keçmişdəki qadınlarınkı kimi güclü və sağlam deyil. Ekologiyanın, içdiyimiz suyun, qidaların belə, keyfiyyətinə əmin olmadığımız bir zamanda sağlam bir orqanizm gözləmək çətindir.

Ana ölümü sübhəsiz ki, bir ailənin pərən-pərən olması, uşaqlarının yetim qalması deməkdir. Bəs bunun qarşısını almaq üçün nə etməliyik? Nə edək ki, analar ölməsin?

Cərrah mama-ginekoloq Ləman Əliyeva öncə hamiləlik zamanı çox ağır patologiyaların olmasına diqqət çəkdi: "Bəzən belə hallarla da rastlaşırıq ki, hamilə qadın 9 ay boyunca heç bir həkim müayinəsindən keçmədən, birbaşa doğuş vaxtında xəstəxanaya müraciət edir. Biz özəl xəstəxanalarda işləyirik, qadın harada qeydiyyatda olduğu, harada müayinədən keçdiyi məlum olmadan doğuş vaxtı bizim müayinəmizə gəlir. Biz artıq həmin an nə ilə qarşılaşacağımızı bilmirik. Çünki həkim bilmir ki, bu qadının hamiləliyi necə keçib, hamiləlik boyu hansısa müalicə alıbmı, protokola uyğun lazım olan analizləri verib-vermədiyini də bilmirik. Ananın özünün xəstəlikləri, ürək xəstəlikləri, böyrək patologiyası ola bilər. Hamiləlik dövründə çox ağır patologiyalar olur. Hətta böyrəyində heç bir patologiyası olmayan qadının böyrəyində hamiləlik zamanı mütləq yüngül patologiya da olsa, meydana çıxır. Hamiləlik özü ağırlaşmalar verə bilir. Əslində biz müalicələri hamiləliyin 3 ayından sonra təyin edirik. Amma yediyimiz qidalardan, ekologiyadan asılı olaraq 90 faiz hallarda normal gedən hamiləliyimiz yoxdur. Mütləq hamilə olduğunuzu bildiyiniz ilk gündən biz profilaktik müalicələrə başlayırıq. Ən azından protokol üzrə hamilə qadın hamiləliyə hazırlıq dövründən başlayaraq üç ayın tamam olduğu müddətə qədər fol turşusu içməlidir. Müayinəyə gəlməyəndə bunu bilmirlər. Fol turşusu qəbul etməyəndə döldə sinir qüsurları inkişaf edir. Hamiləliyin normal getməsi üçün səhər-axşam ən azından təbii sarı cisim hormonu verilir ki, inkişafdan qalma və düşük halları baş verməsin. Heç olmasa, xəstə xəstəxanaya gələndə biz artıq analizlər verdirmirik, müalicələr yazmırıq. Bunlar, sadəcə, hamiləliyə dəstək olmaq üçün verilir. Heç bir problemi olmayan anaya da mütləq dəstək müalicəsi verilir ki, gələcəkdə hansısa problemlə rastlaşmayaq”.

Hamiləliyin 9 ay boyunca normal şəkildə gedib doğuş zamanı ölümlə üzləşmə kimi hallara gəlincə isə L.Əliyeva bunun mümkün olduğunu dedi: "Uşaqlığın atoniyası, yəni uşaqlığın tonusdan düşməsi deyilən bir şey var. Doğuşdan və ya qeysəriyyədən bir müddət sonra elmə məlum olmayan səbəblərdən atoniya, uşaqlıq qanaxması olur. Buna görə də biz doğuşdan və ya qeysərdən sonra da hər saat hamilə qadının bətnini əlimizlə basıb yoxlayırıq. Bəzən həkimlər səhlənkarlıq edib baxmaya bilərlər, bu zaman qanaxma gec aşkarlanır. Buna görə də ana ölümü baş verir. Xəstəni doğuşa almadan əvvəl mütləq paket analizi verdiririk. Biz paket analizləri əlimizdə olmadan heç bir qadını doğuşa almırıq. O analizlərin içərisinə qanın laxtalanma sistemi analizi də daxildir. O analizin cavabına uyğun olaraq əgər qanın laxtalanma elementlərinin az olduğunu görürüksə, bilirik ki, biz qabaqda qanaxma ilə rastlaşa bilərik. Buna görə də onun profilaktikasını əvvəlcədən edirik. Əlimizin altında qanımız da, dərmanlarımız da olur ki, qanaxma zamanı bunun qarşısını ala bilək. Mən ana olmağa hazırlaşan xanımlara məsləhət görərdim ki, vaxtında mütləq surətdə ginekoloq müayinəsinə gəlsinlər. Ana olmaq istəyən insan öncədən müayinə olunsa yaxşı olar. Artıq hamilə olan qadınlar isə hamilə olduqlarını bildikləri gündən ginekoloq müayinəsinə gəlsinlər. Ana ölümlərinə son qoymaq üçün qadınları maarifləndirmək, başa salmaq lazımdır”./musavat.com/

MediaFax

Xəbər haqda fikrini bildir